“Özbəkistan mətbuatı” jurnalı yenidən nəşrə başlayıb
Daşkənd, 12 oktyabr, АZƏRTAC
Daşkənddə özbək dilində çap olunan “Özbəkistan mətbuatı” jurnalı yenidən nəşrə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən təqdimat mərasimində Özbəkistan Jurnalistlər İttifaqının (ÖJİ) rəhbərləri, KİV-lərin baş redaktorları, yerli və xarici jurnalistlər iştirak ediblər.
ÖJİ-nin sədri Olimjon Usarov bir neçə illik fasilədən sonra jurnalın yenidən nəşrə başlaması münasibəti ilə mətbuat işçilərini təbrik edib. O deyib ki, “Özbəkistan mətbuatı” jurnalının əsası 103 il əvvəl cədid ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əbdülhəmid Çulpan tərəfindən qoyulub. Jurnal əvvəl “Türküstan mətbəəçisi”, sonra isə “Müxbirlərin yoldaşı”, “Müxbir” adları ilə fəaliyyət göstərib.
Jurnalın baş redaktoru Nadirə Abdullayeva indiki dövrdə nəşrin məramı və məqsədi haqqında məlumat verib. O deyib ki, 1918-ci il iyulun 15-də fəaliyyətə başlayan jurnal bu müddətdə çətin və şərəfli yol keçib.
Baş redaktor vurğulayıb ki, jurnalda ancaq Özbəkistan mətbuatı haqqında deyil, Müstəqil Dövlətlər Birliyi ölkələri və dünya mətbuatı ilə bağlı da materiallar yerləşdiriləcək.
Nəşrdə Azərbaycanın Milli Mətbuat Günü ilə bağlı məqalə də çap edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd