Özbəkistan rəsmisi: Azərbaycanın qida təhlükəsizliyi modeli bizim üçün ən məqbul variantdır
Bakı 13 fevral, AZƏRTAC
Özbəkistanda qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sisteminin formalaşdırılması məqsədilə bir sıra ölkələrin təcrübəsi öyrənilib. Bu çərçivədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) modeli, eləcə də Niderland və Azərbaycanın təcrübəsi araşdırılıb. Azərbaycanın vahid qida təhlükəsizliyi modeli Özbəkistan üçün ən məqbul variant hesab olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Özbəkistanın Karantin və Bitki Mühafizəsi Agentliyinin rəsmisi Dildora Zufarova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi üzrə vahid tənzimləmə sistemi fəaliyyət göstərir və bu sahədə qabaqcıl təcrübə mövcuddur. Bütün laboratoriyalar vahid orqanda birləşdirilib, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi üzrə vahid məlumat bazası yaradılıb.
“Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid orqan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi istiqamətlərini özündə birləşdirir. Bizdə isə həmin səlahiyyətlər müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilir. Nəticədə biznes subyektləri qeydiyyat və icazələrin alınması zamanı çətinliklərlə üzləşir, bəzi hallarda proseslər təkrarlanır. Azərbaycanda nəzarətin üç əsas istiqamətdə həyata keçirilməsi qida biznesi və ixrac imkanları baxımından da əlverişli şərait yaradır”, – deyə Özbəkistan rəsmisi bildirib.
Qeyd edək ki, AQTA-nın nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər Azərbaycanın qida təhlükəsizliyi modelinin Özbəkistanda tətbiqi məqsədi daşıyır.
Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.