ÖZBƏKİSTANIN SƏFİRİ MƏŞVƏRƏT MƏCLİSİNİN ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanın görkəmli elm adamlarının, yazıçı və şairlərin də iştirak etdikləri görüş səmimilik şəraitində keçmişdir. Görüşə gələnlər Özbəkistanda törədilən terror aktlarını kəskin pisləmiş, qanlı hadisələrə qarşı etirazlarını bildirmiş, özbək xalqına dərin hüzünlə başsağlığı vermişlər. Natiqlər əminliklə vurğulamışlar ki, bu terror aktları özbək xalqının müstəqillik əzmini qıra bilməyəcəkdir. Çıxış edənlər Prezident İlham Əliyevin Özbəkistan səfərini yüksək qiymətləndirmiş və Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsinin digər türkdilli dövlətlərə də nümunə olacağını söyləmişlər.
Səfir Əbdüqafur Əbdürəhmanov başsağlığına görə minnətdarlıq etmiş və bildirmişdir ki, qanlı hadisələr başlayandan Azərbaycan xalqının müxtəlif təbəqələrindən olan insanlar səfirliyə zəng vuraraq ürək sözlərini bildirmişlər. Səfir ümummilli liderimiz Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı dediyi “biz bir millət, iki dövlətik” fikrini iftixar hissi ilə xatırlayaraq demişdir ki, bu, həm də Özbəkistan-Azərbaycan münasibətlərinə aid olan hikmətamiz ifadədir.
“…Türk xalqlarına tükənməz və dərin məhəbbət bəslədiyinə, türkdilli dövlətləri bir-birinə yaxınlaşdırmağa daim səy göstərdiyinə görə Heydər Əliyevin əziz xatirəsi həmişə mənim qəlbimdə yaşayacaqdır”, - deyən səfir Prezident İlham Əliyevin Özbəkistan səfərini tarixi səfər adlandırmış və bu səfərin dövlətlərimiz arasındakı münasibətləri yeni mərhələdə inkişaf etdirəcəyinə əminlik ifadə etmişdir.
Səmimi qəbula görə təşəkkür edən Məşvərət Məclisinin sədri Məmməd Əlizadə Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycan dövlətinin başçısı İlham Əliyevə göstərdiyi doğma münasibəti özbək liderinin Azərbaycan xalqına və dahi rəhbərimiz Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət əlaməti kimi dəyərləndirmişdir.