Özəl və dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib
Bakı, 31 yanvar, AZƏRTAC
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ildə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, ötən il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olunan şirkətlərə “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Local Garden” MMC, “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Sun Food” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Çinar Aqro” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC daxildir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra siyahıdakı şirkətlər sırasında “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ var.