Pakistan Prezidenti Azərbaycanın İƏT-in fəaliyyətinə töhfələrini yüksək qiymətləndirib
Bakı, 10 fevral, AZƏRTAC
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin idarə heyətinin üzvlərini qəbul edib.
İslam Əməkdaşlığı Gənclər Forumundan AZƏRTAC-a bildiriblər ki, qurumun Avrasiya Regional Mərkəzi Pakistanın Dini Məsələlər və İnanclararası Harmoniya Nazirliyi və Pakistan Gənclərə Dəstək Şəbəkəsi ilə birlikdə İslamabadda “Gənc qadınların və qızların zorakı ekstremizmə qarşı mübarizədə rolu” mövzusunda beynəlxalq seminar təşkil edib. Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan və Pakistandan nümayəndələrin qatıldıqları tədbir çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətini, eləcə də tədbirdə iştirak edən xarici qonaqlar Pakistanın Prezidenti Arif Alvi ilə görüşüblər.
Görüş zamanı İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev göstərilən diqqətə və tədbirin yüksək səviyyədə təşkili üçün yaradılmış şəraitə görə Prezident Afir Alviyə təşəkkür edib, beynəlxalq seminarın məqsəd və nəticələri haqqında ətraflı məlumat verib. E.Mehdiyev tədbir çərçivəsində İƏGF-nin 15 illik yubileyi ilə bağlı rəsmi qəbul təşkil edildiyini bildirərək, qurumun 2004-cü ilin dekabr ayında Prezident İlham Əliyevin himayəsi ilə Bakıda təsis edilməsindən bəri görülən işlər və həyata keçirilən layihələr, Avrasiya Regional Mərkəzinin fəaliyyəti barədə Pakistan Prezidentinə məlumat verib.
Prezident Arif Alvi Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. Dövlət başçısı, həmçinin beynəlxalq tədbirin Pakistanda keçirilməsinə görə İƏGF Avrasiya Regional Mərkəzinə və digər təşkilatçılara təşəkkür edib.
Görüş zamanı E.Mehdiyev tədbir çərçivəsində Beynəlxalq Kəşmir Günü və Xocalı faciəsinin anım günü ilə əlaqədar xüsusi panelin təşkil edildiyini və mövzu ilə bağlı təqdimatların keçirildiyini bildirib.
Pakistan Prezidenti Azərbaycanın haqlı mübarizəsini və mövqeyini dəstəklədiyini bildirərək, beynəlxalq səviyyədə gənclərin belə məsələlərlə bağlı məlumatlandırılması üçün analoji təşəbbüslərin vacibliyini qeyd edib.
Səfər çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndə heyəti Pakistan Baş Nazirinin gənclər məsələləri üzrə müşaviri Usman Dar ilə də görüşü olub.
Görüşdə Usman Dar görülən işləri və tədbirin uğurlu təşkilini yüksək qiymətləndirib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin Pakistan gəncləri üçün əhəmiyyətini vurğulayıb.