CƏMİYYƏT
“Parabank” ASC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). “Parabank” ASC-nin Nizami filialında yol verilmiş qanun pozuntuları barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır.
Araşdırmalar zamanı filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Orxan Uğurluzadənin vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına ümumilikdə 225 min manat məbləğində kreditin ayrılması nəticəsində cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, O.Uğurluzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam etdirilir.