Paris-2024: Olimpiya Oyunlarının təhlükəsizlik problemləri
Paris, 11 mart, AZƏRTAC
Paris 2024 Olimpiya Oyunlarının təhlükəsizliyini təmin edəcək kadrlar arasından 250 nəfər uzaqlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Fransa daxili işlər naziri bildirib. Onun sözlərinə görə, Olimpiya Oyunlarının təhlükəsizliyini təmin edəcək məsul işçilərin monitorinqi aparılır. Monitorinq könüllülərə də tətbiq ediləcək. Hər kəs oyunların müxtəlif mərkəzlərinə giriş nişanlarına sahib olacaq. Buna görə də onların hamısı Milli İnzibati Təhlükəsizlik Təhqiqat Xidməti (SNEAS) tərəfindən yoxlamadan keçməlidir. Ümumilikdə, yoxlama bir milyon insan arasında aparılmalıdır, ancaq hələlik onlardan yalnız 89 min nəfər yoxlamadan keçib. Qarşıda hələ 900 min nəfərin yoxlaması dayanır.
Fransalı nazir qeyd edib ki, təhlükəsizlik işçiləri ilə yanaşı, hazırda kəşfiyyat xidmətləri 20 min insanı izləyir və onların hamısı Fransada deyil. Gündəlik olaraq 800 nəfər fiziki nəzarətdə saxlanılır. Buraya “radikal İslamçılar”, irqi müharibəni sürətləndirməkdə maraqlı olan ultra sağçı və solçular, habelə Rusiyadan gələn xarici müdaxilə riskləri də daxildir.
Daxili işlər naziri Fransada təhlükəsizlik baxımından “annus horriblis”dən (təhlükəli il) qorxduğunu göstərib. Olimpiya Oyunlarından əvvəl Almaniyada futbol üzrə Avropa Çempionatı 2024, Tur de Frans (Tour de France) və Normandiyaya desant çıxarma əməliyyatının ildönümü ilə əlaqədar bir çox tədbirlərin təhlükəsizliyi təmin edilməlidir. Bütün bunlarla yanaşı, Olimpiada zamanı ölkədə etiraz nümayişlərinin keçirilməsi də istisna deyil.