PARİSDƏ BAŞLANMIŞ İĞTİŞAŞLAR ÜMUMMİLLİ MİQYAS ALIR
Baş prokurorun sözlərinə görə, iğtişaşları mütəşəkkil quldur dəstələri təşkil edirlər və bu dəstələrin fəaliyyət üsulları onların bir-biri ilə əlaqə saxladıqlarını göstərir.
Bununla belə, Parisin digər nisbətən sakit qəsəbələrində, paytaxtdan uzaq bölgələrdə, o cümlədən Bordo,Tuluza, Lill, Ruan və Strasburqda yeni münaqişə ocaqları yaranmaqdadır.
İlk günlər hadisələrin dini-etnik zəmində baş verdiyini nəzərə almayan və “Paris ətrafında iqtişaşlar” sözləri ilə kifayətlənən mətbuatın da hadisələrə münasibəti dəyişmişdir. Belə ki, iğtişaşlar ərəb və Afrika dövlətlərindən gələnlərin, əsasən, müsəlman immiqrantların məskunlaşdıqları qəsəbələrdə baş verir.
Daxili işlər naziri Nikolya Sarkozi demişdir ki, vəziyyəti yoluna qoymaq vaxt tələb edir.
Xatırladaq ki, iğtişaşlar Paris ətrafındakı Klişi məntəqəsində iki yeniyetmənin ölümündən sonra başlanmışdır. Polis tərəfindən təqib edildiklərini düşünərək gizlənmək istəyən yeniyetmələr elektrik cərəyan vurması nəticəsində həlak olmuşlar. Polisin bəyanatına görə, polis əməkdaşları yeniyetmələri təqib etməmişlər. Araşdırma ilə əlaqədar açıqlanan ilkin məruzə də polisin dediklərini təsdiqləyir.