PAUERLİFTİNQ ÜZRƏ AZƏRBAYCAN KUBOKU UĞRUNDA YARIŞIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 5-də Bakı Əyləncə Mərkəzində Azərbaycan Pauerliftinq Federasiyasının, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman İdarəsi (BŞGİBİ) ilə birgə təşkil etdiyi bench- pres və pauerliftinq üzrə Azərbaycan kubokunun təntənəli açılış mərasimi keçirilmişdir.
Aşılış mərasimində dövlət himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Pauerliftinq Federasiyası prezidenti Ələddin Əliyev, BŞGİBİ- nin rəisi Raqif Abbasov çıxış edərək, idmançılara uğurlar arzulamışlar.
Natiqlər vurğulamışlar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında inkişafına təkan verilmiş bədən tərbiyəsi və idman sahəsindəki ənənələr bu gün layiqincə davam etdirilir. İdmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil etmişlər. Bütün bunlar respublika Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.
Bildirilmişdir ki, Azərbaycan kuboku uğrunda yarışda müxtəlif bölgələrini təmsil edən 35 idmançı mübarizə aparır. İki gün davam edəcək turnirdə idmançılar 7 çəki dərəcəsi üzrə qüvvələrini sınayacaqlar.
Ənənəvi olaraq keçirilən bi turnirin qalibləri payızda İtaliyada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar.
Yarışın ilk günündə 75 kiloqram çəki dərəcəsində fərqlənmiş idmançılara diplom və hədiyyələr təqdim edilmişdir. Bu çəki dərəcəsi üzrə oğlanların yarışında Bayram Əliyev 1-ci, Elçin Əliyev 2-ci və Yusif Əsilbəyov isə 3-cü yeri tutmuşdur. Qızların mübarizəsində isə Rəna Əliyeva birinci, Aida Babayeva ikinci və Günel Talıbova üçüncü yerə sahib olmuşlar.
Yarışa iyulun 6-da yekun vurulacaqdır.