Paytaxt məktəblərinin məzunları buraxılış imtahanlarında maksimum nəticə əldə ediblər
Bakı, 19 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin daha 2 məzunu buraxılış imtahanlarında maksimum nəticə əldə edib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, iyulun 29-u və 30-u keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, qurumun tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Əziz Kərimli və 297 nömrəli tam orta məktəbin məzunu Nahid Nuri 300 bal toplayıblar.
Xatırladaq ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilib. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.