Paytaxt məktəblisi beynəlxalq müsabiqədə birincilik qazanıb
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 82 nömrəli tam orta məktəbin III sinif şagirdi Amal Ahmadulin onlayn şəkildə keçirilən “2020-ci ilə təşəkkür edirik” beynəlxalq gənclərarası müsabiqədə I yeri qazanıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, X beynəlxalq gənclərarası müsabiqədə “Xoreoqrafiya” nominasiyası üzrə istedadlı məktəblinin nümayiş etdirdiyi “İgidlər rəqsi” maraqla qarşılanıb. Məktəbli uğurlu çıxışına görə 9-11 yaş kateqoriyası üzrə 100 baldan 91-ni toplayaraq I dərəcəli diploma layiq görülüb.
Qeyd edək ki, bu, onun ilk uğuru deyil. Beş yaşından Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəqslə məşğul olan məktəbli 2018-ci ildə ölkəmizdə keçirilən dünya rəqs festivalında və açıq Azərbaycan çempionatında “Alov” ansamblının tərkibində uğurla iştirak edərək I yeri tutub. Amal Ahmadulin rəqslə yanaşı, rəsm çəkməklə də məşğuldur.