Paytaxtda güclü şimal-qərb küləyi əsəcək
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, səhər güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 13-də gün ərzində Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 11-16° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.