İQTİSADİYYAT
Paytaxtın Nərimanov rayonu ərazisindəki İbrahimpaşa Dadaşov küçəsinin təmirinə başlanılıb
Bakı, 27 yanvar, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə başlanılıb.
Məlumata əsasən, təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır. Hazırda küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.
Bundan başqa, İbrahimpaşa Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında və razılaşdırılmış şəkildə “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılır. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə sözügedən küçədə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.