Paytaxtın Qızıldaş qəsəbəsində yeni istirahət parkı açılıb
Bakı, 6 sentyabr, AZƏRTAC
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti bir sıra tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində rayonun Qızıldaş qəsəbəsindəki 180 nömrəli tam orta məktəbin yaxınlığında sahəsi təxmini 2 hektar olan ərazidə yeni park salınıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin asudə vaxtlarının keçirilməsi məqsədilə salınmış istirahət parkının açılışı olub.
İstirahət parkında 4 söhbətgah, minifutbol stadionu, 13 ədəd taxta oturacaq, uşaqların oynaması üçün müxtəlif yelləncəklər və s. olan meydança quraşdırılıb, əraziyə asfalt örtüyü çəkilib, 25 zeytun ağacı, 150 ədəd oleandr kolu əkilib, 2600 ədəd dekorativ ağac və mövsümi gül-çiçək əkilib, 480 kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb.