ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib







Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov Beynəlxalq Kitab Bağışlama Gününün tarixindən və mahiyyətindən danışıb, kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Bu cür təşəbbüslərin cəmiyyətin maariflənməsinə və kitab oxuma mədəniyyətinin genişlənməsinə töhfə verdiyini qeyd edən rektor müasir texnologiyalar dövründə belə təşviqedici tədbirlərin xüsusi önəm kəsb etdiyini söyləyib.
Tədbirdə Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova ADPU-nun kitabxana fondunda saxlanılan nadir kitablardan söz açıb. O, ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin həm fond ehtiyatına görə, həm də nadir nüsxələrin zənginliyi baxımından fərqləndiyini bildirib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib, kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb. Asəf Zamanov Azərbaycanda kitab oxuma vərdişlərinin artırılması üçün məktəblərdə və universitetlərdə müxtəlif təşviqedici layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Bakı şəhəri general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin direktoru Aytən Baxşəliyeva görüşün təşkili ilə bağlı ADPU rəhbərliyinə təşəkkür edərək bu kimi əməkdaşlıqların davamlı olacağına ümid etdiyini bildirib. A.Baxşəliyeva rektor Cəfər Cəfərova məktəb adından kitab hədiyyəsini təqdim edib.
Tədbirin davamında şagirdlərin hazırladıqları şeir kompozisiyası təqdim olunub. Kitabxana-İnformasiya Mərkəzi tərəfindən şagirdlərə kitablar hədiyyə edilib.