ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə MİQ imtahanlarının analitik təhlili müzakirə olunub
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən 2022-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının nəticələrinin analitik təhlili müzakirə edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bu müzakirələr İnsan resursları şöbəsi tərəfindən hazırlanan plan üzrə pedaqoji kadr hazırlayan əsas ali təhsil müəssisələrində ardıcıl surətdə keçirilir.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə aparılan islahatlar, habelə məzunların əmək bazarında iştirakına dair görülən tədbirlər haqqında məlumat verərək, əsas hədəfin müasir dövrün tələblərinə uyğun, yüksək səviyyəli müəllim kadrları hazırlamaq və tədqiqat universiteti olaraq, daha geniş fəaliyyət göstərmək olduğunu qeyd edib.
Sonra İnsan resursları şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov mövzu üzrə təqdimatla çıxış ediblər. Analitik təhlilin nəticələrinə əsasən, MİQ imtahanlarının nəticələrinin son illərdə artan dinamikaya malik olduğu və Pedaqoji Universitet məzunlarının ilk sıralarda yer aldığı qeyd olunub. Bildirilib ki, artım dinamikasına rəğmən bəzi spesifik ixtisaslar üzrə müəyyən çatışmazlıqların mövcudluğu ali təhsil müəssisələrində həmin ixtisaslar üzrə məzmun və yanaşmada yeniliklərin tətbiqinə ehtiyac olduğunu göstərir.
Təqdimatdan sonra professor-müəllim heyətinin çoxsaylı sualları ətrafında müzakirələr aparılıb, analitik təhlilin nəticələrinin gələcək qəbul planlarının və tədris planlarının tərtibində önəmli rol oynayacağı vurğulanıb.