Pedaqoji Universitetdə yay imtahan sessiyası öncəsi tələbələrlə onlayn görüşlər keçirilib
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə yay imtahan sessiyası öncəsi onlayn görüşlər yekunlaşıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil edilən silsilə görüşlərdə tələbələr könüllülük əsasında iştirak ediblər. Beş gün davam edən görüşlərdə ADPU rəhbərliyi, universitetin 8 fakültəsi və “SABAH” Mərkəzinin ümumilikdə 6000-dək tələbəsi iştirak edib. Bu isə universitetin bakalavriat tələbələrinin 60 faizi deməkdir.
Görüşlərin keçirilməsində əsas məqsəd cari semestrdə ADPU-da tətbiq edilən onlayn şifahi imtahan forması ilə bağlı izahat vermək, onların problemlərini dinləmək və suallarını cavablandırmaq, imtahan sessiyasına hazırlıq, İKT ilə bağlı texniki məsələlər və cari tədris semestrinin yekunlaşdırılması, yekun dövlət attestasiyası, buraxılış işləri, o cümlədən sosial həssas qrupa aid tələbələrin təhsil haqlarının ödənilməsi və s. məsələlərin aydınlaşdırılmasıdır.
ADPU-nun mətbuat katibi Cavid Hüseynovun moderatorluğu ilə hər bir fakültənin dekanı və professor-müəllim heyətinin də iştirakı ilə keçirilən görüşlərdə universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov imtahanların təşkili qaydalarına dair çıxış edib. O, ADPU-da cari semestrdə tətbiq edilən onlayn şifahi imtahan modelinin özəlliklərindən söz açıb, bu modelin mövcud pandemiya şəraiti və tələbələrin keyfiyyətli təhsil almaq, şəffaf qiymətləndirmə imkanlarını reallaşdırmaq baxımından hazırda ən uyğun variantlardan biri olduğunu bildirib.
Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tədris departamentinin direktoru, dosent Sənan Əliyev, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli və fakültə dekanları tələbələrə tövsiyələrini verib, qarşıdan gələn imtahan sessiyasında onlara uğurlar arzulayıblar.
Tələbələrin sualları ətrafında davam edən görüşlər onlayn şifahi imtahanlara hazırlıq baxımından olduqca əhəmiyyətli olub.
Qeyd edək ki, ADPU-nun Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabad filiallarının əməkdaş və tələbələri ilə də belə görüşlərin keçirilməsinə başlanılıb.