Penitensiar Xidmətin Mühafizə Alayında narkomanlığın zərərləri barədə maarifləndirmə tədbiri keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası istiqamətində fevralın 12-də Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi mövzu ətrafında çıxışlar ediblər.
Çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər, bukletlər və xəbərdarlıq vərəqələri iştirakçılar arasında paylanılıb.