PENTAQON İRAQDA ZƏHƏRLİ AĞ FOSFORDAN İSTİFADƏ ETMİŞDİR
“Fəlluca. Gizli qırğın” adlı film 2004-cü ilin noyabrında bu şəhərə qarşı gecə aparılan “Kabusun qəzəbi” əməliyyatının nəticələrindən danışılır. Gecə şəhərin üzərindəki səmanı yüzlərlə fosforlu mərmi əlvan boyalara bürümüşdür. Hücumda 12 min amerikalı və üç min iraqlı hərbçi iştirak edirdi. Qərb jurnalistlərindən heç birinin məlumat vermədiyi bu hücumdan dərhal sonra şayiələr gəzdi ki, amerikalılar şəhərə qarşı kimyəvi silah işlətmişlər.
Müəlliflərin fikrincə, film Mark-77 adlandırılan və ABŞ qoşunlarının Vyetnamda tətbiq etdiyi napalm bombasının təkmilləşdirilmiş forması olan yandırıcı bombalardan Əl-Fəllucada da istifadə edildiyi barədə təkzibedilməz sübut verir.
ABŞ bu faktları uzun müddət inkar etmişdir. Ötən ilin dekabrında ABŞ hökuməti rəsmən bu xəbərləri “yayılmış uydurma” adlandırmışdır. Lakin ətürpədici sənədli kadrlar üzə çıxarıldıqdan sonra Pentaqon mövqeyini dəyişmək məcburiyyətində qalmışdır. ABŞ hərbçiləri etiraf etmişlər ki, fosforlu bomba və mərmilərdən təkcə işıq saçmaq üçün deyil, həm də canlı qüvvəni qırmaq üçün istifadə olunmuşdur.
Xatırladaq ki, ağ fosfor zəhərdir və bədənə düşükdə sümüyədək bütün dərini yandırır. Belə “işıqlandırıcı” bombalardan dinc sakinlərə qarşı istifadə edilməsi adi silahların bəzi növləri haqqında 1980-ci ildə qəbul olunmuş BMT konvensiyasını pozur.