ELM VƏ TƏHSİL
Peşə liseyinin məzunu: Qadın sahibkar kimi xəyallarımı reallaşdırıram
Bakı, 22 fevral, AZƏRTAC
Peşə təhsili məzunların gələcək karyera yollarına işıq salır.
AZƏRTAC “Müasir Azərbaycan peşəkarı” silsiləsindən Bərdə Peşə Liseyinin məzunu Aytəkin Nəbiyevanın uğur hekayəsini təqdim edir.
Aytəkin Nəbiyeva 2003-cü ildə Bərdə rayonunda orta məktəbdən məzun olub. Qəhrəmanımızın uşaqlıq illərindən şirniyyatçılığa, bişirməyə və hazırladığının təqdimatını etməyə böyük marağı olub. 2022-ci ildə Bərdə Peşə Liseyinin sosial media hesablarından liseydə qənnadıçı-şirniyyatçı ixtisası olduğunu öyrənib və dərhal sənədlərini təqdim edib. Beləliklə, Aytəkin 2022-ci ildə liseyin qənnadıçı-şirniyyatçı ixtisasının tələbəsi adını qazanıb.
Liseyi uğurla bitirdikdən sonra, şəxsi şirniyyat evini açmağı qərara alıb. Bunun üçün müvafiq addımlar ataraq 2023-cü ildə bu arzusunun həyata keçməsinə nail olub. Aytəkin hazırda milli və xarici şirniyyat növlərini hazırlayıb müştərilərinə təqdim edir.
“Uşaq vaxtı evimizdə bayramlarda böyüklərimiz şirniyyat hazırlayardılar, mən də onlara kömək edərdim. Uşaqlıqdan etibarən şirniyyat bişirməyə həvəsim olub. Bərdə Peşə Liseyində bu ixtisasın tədris olunduğunu öyrəndiyimdə dərhal müraciət etdim. Təhsil aldığım dövrdə özümü inkişaf etdirdim, milli şirniyyat növləri ilə yanaşı, xarici şirniyyat növlərini də öyrəndim. Eyni zamanda, tədris edilən sahibkarlıq fənninin mənim sahibkar kimi formalaşmağıma böyük köməyi oldu. Bu gün çox xoşbəxtəm ki, bir qadın sahibkar kimi həm ölkəmin iqtisadiyyatına töhfə verirəm, həm də öz xəyallarımı reallaşdırıram. Liseyin bütün kollektivinə, istehsalat təlimi ustalarıma minnətdaram”, - deyə Aytəkin Nəbiyeva qeyd edib.
Xatırladaq ki, 2021-2022-ci tədris ilində peşə təhsili müəssisələrinə qəbul olan 16 min 590 nəfərdən 4911 nəfərini qadınlar təşkil edib. 2023-cü ildə isə tələbə adı qazanan 20 min 563 nəfərdən 6931-i qadındır.