Peşəkar idman mütəxəssisi Rəsul Məmmədovla görüş sabirabadlı gənclərdə ruh yüksəkliyi yaradıb
Sabirabad, 14 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadlı gənclərin sağlam həyat tərzi, həmçinin vətənpərvərlik ruhda yetişməsi məqsədilə görüş təşkil olub. Görüşdə Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının rəhbəri, Əməkdar məşqçi Rəsul Məmmədov öz təcrübəsini gənclərlə bölüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş "Sabirabad Gənclər Evi"ində təşkil edilib.
Toplantıda müxtəlif təhsil ocaqlarından, məktəb, kollec və universitetlərdən gənclər iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhda tərbiyəsi, onlar arasında sağlam həyat tərzinin təbliği, həmçinin zərərli vərdişlərin fəsadları, sağlam qidalanma, fiziki aktivlik və psixoloji sağlamlıq barədə maarifləndirilmənin aparılmasından ibarət olub. Peşəkar idman mütəxəssisi ilə görüş gənclərimizdə ruh yüksəkliyinə səbəb olub. Onlar sağlam həyat tərzi və özünü müdafiə üsulları barədə məlumatlanaraq təhlükəli vəziyyətlərdən çıxış yolu ilə bağlı maraqlı fəndlər öyrəniblər.
“Sabirabad Gənclər Evi”ndə davamlı olaraq sağlam gəncliyin formalaşmasına xidmət edən növbəti belə tədbir və layihələrin keçirilməsi nəzərdə tutulub.