PEŞƏKAR TEATRIMIZIN YARADILMASININ 133-CÜ İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
Əvvəlcə, ötən il ərzində həyatdan getmiş sənətkarların, eləcə də bir neçə gün öncə dünyasını dəyişmiş xalq artisti Əlabbas Qədirovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İttifaqın sədri, xalq artisti Azərpaşa Neymətov tədbir iştirakçılarını, sənətkarları və teatrsevərləri bayram münasibətilə təbrik etmiş, Azərbaycan teatrının keçdiyi yola nəzər salaraq, qazandığı uğurlardan danışmış, peşəkar teatrımızın yaradılmasında və inkişafında xidmətləri olan insanları xatırlamışdır.
Sonra İttifaqın “Teatr xadimi” qızıl medalının təqdimatı olmuşdur. Teatrımızın inkişafındakı xidmətlərinə görə bu mükafata dünyaşöhrətli kinossenariçi və dramaturq, xalq yazıçısı Rüstəm İbrahimbəyov, xalq artistləri Maqsud Məmmədov və Rəfiqə Axundova, Əlabbas Qədirov, Sofya Hüseynova layiq görülmüşlər.
Münsiflər heyətinin sədri, sənətşünaslıq doktoru İlham Rəhimli TXİ-nin “Qızıl Dərviş” mükafatının qaliblərini elan etmişdir. Bu mükafat Kamera teatrının artisti İlqar Cümşüdoğluna, xalq artistləri Yusif Muxtarova, Arif Quliyevə, Bakı kukla teatrının aktyoru Rəhman Rəhmanova, rejissor Oruc Qurbanova, xalq artisti Nodar Şaşıqoğluna verilmişdir.
Bayram tədbiri Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına simfonik orkestrin, əməkdar artist Nazpəri Dostəliyevanın, İlqar Muradovun və “Bəri bax” ansamblının çıxışları ilə başa çatmışdır.