Peter Maurer: Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə siyasi həllini tapacağına ümid edirəm
Bakı, 5 may, AZƏRTAC
Cenevrədə Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun BQXK-nın prezidenti Peter Maurer ilə görüşündə aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik barədə məlumat verilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Xələfov aprelin 2-dən etibarən Ermənistanın Azərbaycan silahlı qüvvələri ilə təmas xətti boyunca yerləşən ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini hədəf alaraq ağır silahlardan davamlı atəşə tutduğunu qeyd edib. Ermənistan silahlı qüvvələrinin ağır artilleriya hücumları nəticəsində xeyli sayda hərbi və mülki şəxslərin həlak olduğu və yaralandığı, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğu diqqətə çatdırılıb.
Eyni zamanda, qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin aprelin 10-da tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyi qeyd olunub.
Nazir müavini, həmçinin 2014-cü ilin iyulunda doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində BQXK-nın səylərinin artırılmasının zəruri olduğunu bildirib.
P.Maurer Azərbaycan ilə BQXK arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. O, təmsil etdiyi təşkilatın Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəziyyəti ilə mütəmadi olaraq maraqlandığını və bu istiqamətdə BQXK-nın mandatına uyğun olaraq öz humanitar fəaliyyətlərini davam etdirəcəklərini bildirib. P.Maurer, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə siyasi həllini tapacağına ümid etdiyini vurğulayıb.