Pirallahı qəsəbəsində müasir xəstəxana istifadəyə veriləcəkdir
Bakı, 2 noyabr (AZƏRTAC). Pirallahı rayonundakı 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının binasının 2013-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da səhiyyə ocaqlarının tikintisi və əsaslı təmiri istiqamətində xeyli işlər görülür. Dövlət Proqramı əsasında əsaslı təmir işləri aparılan belə səhiyyə ocaqlarından biri də Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yerləşən 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır.
2011-ci ildən başlanan əsaslı təmir işləri Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilir. Əsaslı təmir olunan xəstəxananın ümumi sahəsi 2 hektardır. Rayonun ən böyük tibb müəssisəsi olan xəstəxananın əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunmuşdur. Qazanxana sistemi yenilənmiş, xəstəxananın yeməkxana və çamaşırxanası da yenidən qurulmuşdur. Hazırda binanın həyətinə yeni asfalt örtüyü döşənir və yaşıllıq salınır. Tikinti işlərində 65 nəfər işçi çalışır.
Xəstəxana iki hissədən - poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda cərrahiyyə, terapiya, uşaq, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcəkdir və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz olunacaqdır. Poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək insanın qəbul edilməsi məqsədilə genişləndirilmişdir. Buradakı 50-dək kabinetin hər biri ən yeni cihaz və avadanlıqlarla təmin olunacaqdır.