Pirallahı rayonunda abadlıq-quruculuq işləri geniş vüsət almışdır
Bakı, 4 noyabr (AZƏRTAC). Gündən-günə gözəlləşən Pirallahı rayonunda abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və istiliklə təmin edilməsi üçün genişmiqyaslı işlər görülmüşdür. Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayon ərazisində “Azəristiliktəchizat” ASC-yə məxsus dörd məhəllədaxili qazanxana fəaliyyət göstərir ki, onların hesabına binalar istilik enerjisi ilə təmin olunacaqdır.
Artıq S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən qazanxanalar sökülərək yerində tam yeniləri inşa olunmuş, 40-cı məhəllədə yerləşən qazanxana isə əsaslı təmir edilmişdir. 29-cu məhəllədə binadaxili istilik xətləri çəkilmişdir və buradakı binalar hazırda 28-ci məhəllədə yerləşən qazanxana vasitəsilə istiliklə təmin olunacaqdır.
“Azəristiliktəchizat” ASC tərəfindən 40-cı məhəllədə yerləşən qazanxana tam təmir olunmuşdur və ilin sonuna 5 binaya istilik verilməsi nəzərdə tutulur. 29-cu məhəllədə asfalt örtüyünün döşənməsi istiqamətində işlər aparılır, qanunsuz çəpərlər, hasarlar, sənədsiz qarajlar sökülür və boşaldılmış yerlərdə avtodayanacaq tikilməsi planlaşdırılır. İstifadə edilən beton daş səkilər Pirallahıda yenicə istismara verilmiş beton zavodunda istehsal olunur. Bu müasir müəssisənin istehsal gücü saatda 90 kubmetr beton təşkil edir.
Qala-Pirallahı magistral yolu istiqamətində işlər cədvələ uyğun olaraq davam etdirilir və yol kənarlarında xarici görünüşə xələl gətirən qeyri-qanuni tikililər sökülür. Artıq bu magistral yolda 10 kilometr asfalt işi görülmüşdür.
Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının və “Vətən uğrunda” abidə-kompleksinin inşası da davam etdirilir.