Pirallahı rayonunda vətənpərvərlik mövzusunda tədbir keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı 168 nömrəli orta məktəbdə “Tarix yazan qəhrəmanlar” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev, N saylı hərbi hissənin əsgər və zabitləri, Pirallahı rayon ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri və Qarabağ müharibəsi veteranları iştirak ediblər.
YAP Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələri veteranı Hikmət Şikarov Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsində dövlətimizin apardığı siyasətdən danışıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan vətəndaşlarının sabaha olan ümidlərini özlərinə qaytardı. Elmin, səhiyyənin və mədəniyyətin böhranlı vəziyyətdən çıxarılması naminə gərəkli addımlar atdı. Ən başlıcası isə Silahlı Qüvvələrimizin döyüşkən ruhunu özünə qaytarmaq üçün ordunu yenidən qurmağa başladı. Ulu Öndərin siyasi kursunu davam etdirən müstəqil Azərbaycan dövlətinin Prezidenti, Ali Baş Komandan İlham Əliyev də yurda keşik çəkən Vətən övladlarından qayğısını əsirgəmir. Məhz İlham Əliyevin qayğısı sayəsində Ordumuz ən müasir silahlarla təmin olunub.
Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü Musa Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İdarə Heyətinin üzvü Qafar Nuriyev də çıxış edərək keçdikləri şanlı döyüş yolundan danışıblar. Qeyd edilib ki, vətənpərvərlik təkcə itirdiyimiz torpaqları geri qaytarmaq istəyi deyil, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir.
Rəsmi hissənin sonunda YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Əfqanıstan müharibəsinin başa çatmasının 30 illiyi ilə əlaqədar medal ilə təltif olunub.
Sonda orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.