Pirallahı rayonunun neftçiləri humanist aksiyada fəal iştirak edirlər
Bakı, 5 noyabr (AZƏRTAC). Pirallahı rayonunun neftçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə birincilər sırasında qoşulmuşlar. “Savab dünyası” Talassemiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, bu xəstəlikdən əziyyət çəkən uşaqlara humanitar yardım məqsədi daşıyan tədbirlərdə ARDNŞ-in strukturuna daxil olan və Pirallahı rayonunun ərazisində yerləşən idarə və müəssisələrin kollektivləri ənənəvi olaraq böyük fəallıq nümayiş etdirirlər.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ilk belə bir humanist tədbir “Abşeronneft” NQÇİ-də keçirilmişdir. NQÇİ-nin rəisi Şahmar Hüseynovun verdiyi məlumata görə, artıq beşinci ildir ki, dəniz neftçiləri könüllü olaraq “Donor günü”nə qatılırlar. Hər bir neftçi başa düşür ki, onun verdiyi qan ən azı bir uşağın həyatda qalmasına yardımçı olacaqdır.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxahlıq aksiyasının reallaşmasında neftçilərə yardımçı olur. Gün ərzində 120-dən çox neftçi “Donor günü”ndə iştirak etmiş, onlardan 102-si qan vermişdir.
“28 May” NQÇİ-nin Çilov adasında dislokasiya olunmuş struktur vahidlərində və Stasionar Dəniz Özüllərində çalışan neftçilər də humanitar aksiyada fəallıq göstərirlər. İlk olaraq qan verənlərdən biri, “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev qeyd etmişdir ki, kollektiv hər il olduğu kimi, bu dəfə də talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə könüllü qoşulmuşdur. Ağır bəlaya düçar olmuş körpələrə donor qanı vermək hər kəsin insanlıq, vətəndaşlıq borcu olmaqla yanaşı, həm də çox böyük savab işdir. Növbəli iş rejiminə, işçilərin çoxunun ayrı-ayrı özüllərdə olmasına baxmayaraq, kollektiv bu xoşməramlı təşəbbüsə hamılıqla qoşulmaq əzmindədir. Aksiyada iştirak etmiş yüzdən artıq dəniz neftçisindən 82-si qan vermişdir. Qaz kompressor stansiyasının, neftin nəqli sexinin işçiləri isə qanvermə aksiyasında növbəti günlərdə iştirak edəcəklər.
Neft Daşlarında isə “Donor günü” noyabrın 4-də keçirilmişdir. “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov demişdir ki, fədakar dəniz neftçiləri də bu humanist tədbirə könüllü şəkildə qoşulmuşlar. NQÇİ-nin kollektivi ilə bərabər, 7 saylı tikinti-quraşdırma idarəsinin, mədən geofizika ekspedisiyasının və digər təşkilatların işçilərinin iştirak etdiyi humanist aksiya axşam saatlarınadək davam etmişdir. Günün sonuna olan məlumata görə, aksiyaya 250 nəfərədək dəniz neftçisi qatılmışdır.