Poliatlon çoxnövçülüyü üzrə Qəbələ rayon birinciliyinin qalibləri müəyyənləşib
Qəbələ, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə “Zəfər günü”nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram!” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi Həmzəlli kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Qəbələ rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 10 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar gənclərin hərbi hazırlığını gücləndirmək, onlarda vətənpərvərlik hissini artırmaq məqsədi daşıyır.
Yarışın açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışıb, komandalara uğurlar arzulayıb.
Qəbələ şəhər 3 saylı tam orta məktəbin idman meydançasında keçirilən birincilikdə iştirakçılar 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma yarışlarında qüvvələrini sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən, Qəbələ şəhər 3 saylı və Zarağan kənd 2 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar diplomlarla mükafatlandırılıblar.
Birinci yeri tutan Həmzəlli kənd tam orta məktəbin komandası, eyni zamanda, respublika çempionatının zona mərhələsində iştirak etmək hüququ əldə edib.