Polimer Materialları İnstitutunda Zəfərin beşinci ildönümü qeyd edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər Gününə həsr olunan tədbiri keçirilib. İclasdan əvvəl institutun Təchizat və xidmət şöbəsinin çilingəri Gülоğlаn Murаdоvun 2022-ci il sentyabrın 13-də şəhid olan oğlu Bəxtiyar Murаdоvun xatirəsi yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq Zəfər Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz igidliyi və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin sadəcə bir qələbə deyil, xalqımızın əsrlərlə davam edən ədalət mübarizəsinin, milli qürurunun və sarsılmaz iradəsinin təntənəsi olduğunu bildirib.
Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək Vətən müharibəsində qazanılan Zəfər sayəsində Azərbaycanın regionun ən güclü dövlətlərindən birinə çevrildiyini söyləyib. Bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, insanların doğma yurdlarına qayıtması bu Zəfərin davamıdır. Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Zəfərin 5-ci ildönümü nəzərə alınaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi təşəbbüsü isə dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi və suverenliyimizin gücləndirilməsi məqsədi daşıyır.
Daha sonra institutun Təchizat və Xidmət şöbəsinin mühəndisi, ehtiyatda olan zabit Vaqif İbrahimov və Vətən müharibəsi iştirakçısı, Gözətçilər şöbəsinin rəisi mayor Şəmsəddin Hüseynov Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətindən, əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolundan, ön və arxa cəbhənin birliyindən danışıb, xatirələrini bölüşüblər.
Tədbirdən sonra institutun rəhbərliyi və əməkdaşları Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər.