CƏMİYYƏT
Polis əməkdaşları Xankəndidə, Şuşada və Xocalıda xeyli sayda silah-sursat aşkarlayıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla həyata keçirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC- a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə avqustun 31-dən sentyabrın 6-dək polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9 min 786 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.