Politoloq: Şuşa Qlobal Media Forumu ənənəvi tədbirlərdən daha geniş məna kəsb edir
Bakı, 20 iyul, AZƏRTAC
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə Azərbaycan mediasına və ya forum iştirakçılarına ünvanlanan mesajlar deyildi. Bu çıxış dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın strateji mövqeyini, xarici siyasət prioritetlərini və regionun gələcək inkişaf trayektoriyasını əhatə edən mühüm siyasi tezislər toplusu kimi diqqət çəkdi. Şuşa təkcə tarixi və mədəniyyət paytaxtı deyil, eyni zamanda, qlobal siyasi dialoqun aparıldığı nüfuzlu platformaya çevrilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, dünyada geosiyasi gərginliyin artdığı, yeni güc mərkəzlərinin formalaşdığı və beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı müzakirələrin genişləndiyi bir dövrdə Azərbaycan öz müstəqil siyasi xəttini qorumağı bacaran azsaylı dövlətlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin forum zamanı verdiyi mesajlar da məhz bu reallığın siyasi izahı idi. Azərbaycanın heç bir blok siyasətinin tərkib hissəsi olmadan milli maraqlarını əsas götürməsi ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirib.
“Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri regionda davamlı sülhün təmin olunması ilə bağlı mövqenin bir daha açıq şəkildə ifadə edilməsi idi. Azərbaycan postmünaqişə dövründə qalib dövlət kimi revanşizm deyil, sabitlik və əməkdaşlıq gündəmini təşviq etdiyini növbəti dəfə nümayiş etdirdi. Bu yanaşma həm Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik arxitekturasının qurulması, həm də regional iqtisadi inteqrasiyanın sürətlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarına verilən cavablar Azərbaycanın informasiya siyasətinin də mühüm istiqamətlərini ortaya qoydu. İnformasiya müharibələrinin dövlətlərarası münasibətlərə ciddi təsir göstərdiyi indiki mərhələdə rəsmi Bakının açıq dialoqa üstünlük verməsi, faktlara əsaslanan mövqe sərgiləməsi və şəffaf kommunikasiya modeli formalaşdırması ölkənin etibarlı tərəfdaş imicini daha da gücləndirir”, - deyə T.İsmayılov vurğulayıb.
Politoloq əlavə edib ki, Şuşa Qlobal Media Forumu ənənəvi tədbirlərdən daha geniş məna kəsb edir. Bu platforma vasitəsilə Azərbaycan beynəlxalq media ictimaiyyəti ilə birbaşa təmas qurur, regionla bağlı həqiqətləri ilk mənbədən çatdırır və qlobal informasiya məkanında obyektiv müzakirələrin aparılmasına töhfə verir. Forumun məhz Şuşada keçirilməsi isə azad edilmiş torpaqlarda həyatın tam bərpa olunduğunu və Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın gələcək strateji kursunun əsas konturlarını da aydın şəkildə ortaya qoydu. Balanslaşdırılmış xarici siyasət, milli maraqlara söykənən qərarlar, iqtisadi və nəqliyyat layihələrinin genişləndirilməsi, regionda dayanıqlı sülhün təşviqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi rəsmi Bakının dəyişməz prioritetləri olaraq qalır.
Bu baxımdan, Şuşadan səslənən mesajlar təkcə bugünkü geosiyasi proseslərin qiymətləndirilməsi deyil, həm də yaxın illərdə regionun siyasi gündəmini formalaşdıracaq mühüm strateji istiqamətlərin təqdimatı kimi dəyərləndirilə bilər. Azərbaycan artıq proseslərin məzmununu və istiqamətini müəyyənləşdirən aktorlardan biri kimi çıxış edir. Şuşa Qlobal Media Forumu isə bu yeni siyasi reallığın dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan birinə çevrilib.