Politoloq: Xocalı gələcəyin inkişaf və dirçəliş simvoluna çevrilməkdədir
Bakı, 2 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Xocalı şəhərinə son səfəri təkcə rəsmi protokol hadisəsi deyil, həm də tarixi ədalətin bərpasının və dövlət suverenliyinin tam təmin olunmasının növbəti təzahürü kimi qiymətləndirilir. Bu səfər Xocalının azadlıqdan sonra sürətli dirçəliş mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.
O bildirib ki, Xocalı Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış bir şəhərdir. Uzun illər işğal altında qalan bu torpaqlara dövlətimizin başçısının səfəri, əslində, dövlətin qətiyyətli siyasi iradəsinin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin real nəticəsidir. Prezidentin səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyünün dönməz xarakter daşıdığını və bölgədə yeni inkişaf mərhələsinin başlandığını göstərdi.
“Səfər çərçivəsində aparılan tikinti-bərpa işləri ilə tanışlıq xüsusi diqqət çəkdi. Müasir yaşayış kompleksləri, sosial obyektlər, yol və kommunikasiya xətləri Xocalının yeni simasının formalaşdığını sübut edir. Dövlət proqramına uyğun olaraq, yeni fərdi evlərin tikintisi, məktəb və uşaq bağçalarının inşası, enerji və su təchizatı sistemlərinin qurulması, yol infrastrukturunun yenilənməsi ardıcıl şəkildə həyata keçirilir.
Prezidentin səfəri Böyük Qayıdış Proqramının praktik mərhələsinin genişləndiyini göstərir. Məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qaytarılması, onların sosial rifahının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Xocalıda yaradılan şərait göstərir ki, şəhər yalnız bərpa olunmur, eyni zamanda, müasir urbanizasiya prinsiplərinə uyğun şəkildə yenidən qurulur”, - deyə politoloq əlavə edib.
Ə.İbrahimli vurğulayıb ki, bu səfər həm də mənəvi mesaj daşıyır. Xocalıya edilən hər bir səfər Azərbaycanın suverenliyinin möhkəmlənməsi və tarixi ədalətin təntənəsi kimi qəbul edilir. Dövlətimizin başçısının bölgəyə mütəmadi səfərləri burada həyatın tam bərpa olunmasına verilən xüsusi önəmin göstəricisidir. Prezident İlham Əliyevin Xocalıya son səfəri siyasi qətiyyətin, iqtisadi inkişaf strategiyasının və milli həmrəyliyin vəhdətini nümayiş etdirdi. Bu səfər bir daha sübut etdi ki, Xocalı artıq keçmişin ağrılı xatirəsi ilə yanaşı, gələcəyin inkişaf və dirçəliş simvoluna çevrilməkdədir.