Polo üzrə Azərbaycan millisi son Avropa çempionu ilə bir qrupda
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Almaniyanın Düsseldorf şəhərində polo üzrə 14-cü Avropa çempionatı iki qrupda start götürəcək. Hər iki qrupun tərkibi və qrup daxilində ilk oyunlar artıq məlumdur. Çempionatın ilk gününün ikinci oyununda çıxış edəcək milli komandamız son Avropa çempionu İtaliya, İspaniya və İsveçrə ilə bir qrupda (zona A qrupu) mübarizə aparacaq.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, digər qrupda isə (zona B qrupu) İngiltərə, Avstriya, Hollandiya və Almaniya milli komandaları güclərini sınayacaq.
Sentyabrın 3-də yerli vaxtla saat 14:15-də keçiriləcək Azərbaycan-İspaniya oyunu ilə milli komandamız çempionata start verəcək. İlk oyunun nəticəsindən asılı olaraq qrup daxilidə ikinci və üçüncü oyunlar müəyyən olunacaq.
Qrup daxilində bütün komandalara qarşı keçiriləcək ümumilikdə üç oyundan sonra ilk iki yerə yüksələn komandalar sentyabrın 9-da keçiriləcək yarımfinal oyunlarına vəsiqə qazanacaq.
Çempionatın final oyunu isə sentyabrın 10-da Düsseldorf Polo Klubunun əsas yarış meydançasında təşkil olunacaq.