Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycan-Ukrayna dostluğu gecəsi keçirilib
Kiyev, 26 dekabr, AZƏRTAC
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun himayəsi ilə Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində (AMTM) Azərbaycan və Ukrayna gənclərinin dostluğu gecəsi keçirilib. Bu barədə AZƏRTAC-a AMTM-dən məlumat veriblər.
Tədbirdə ali məktəbin xarici tələbələrlə iş üzrə dekanlığının işçiləri, PİTU-nun Tələbələr və Magistrantlar Şurasının, Azərbaycanın Dostları Klubunun üzvləri, Poltava vilayətinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
AMTM-nin direktoru, dosent Yaşar Alxasov qonaqlara və dostluq gecəsinin iştirakçılarına Prezident İlham Əliyevin böyüməkdə olan nəslə daim böyük diqqət və qayğı göstərməsindən, ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən, Azərbaycanın tarixindən, mədəniyyətindən və müasir həyatından söhbət açıb.
Xarici tələbələrlə iş üzrə dekan Yuri Dzekun toplaşanları bayram münasibətilə təbrik edib, tələbələrin sıx birləşməsində və iki dost ölkənin gəncləri arasında dostluğun möhkəmlənməsində belə birgə layihələrin rolundan danışıb.
PİTU-nun Tələbələr və Magistrantlar Şurasının üzvü Natalya Lyubçenko iştirakçılara Ukraynanın dövlət və dini bayramları, xüsusən öz ölkəsində Yeni il və Milad bayramlarının necə qeyd edilməsi barədə məlumat verib.
Sonda Azərbaycanda Yeni il bayramının keçirilməsi, habelə ölkəmizin gəzməli yerləri haqqında videoçarx göstərilib.
Tədbir əsl dostluq və həmrəylik bayramına çevrilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev