“Postkonflikt ərazilərin bərpası və yenidən qurulması siyasəti: hədəflər və istiqamətlər” – elmi seminar
Bakı, 21 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda “Postkonflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri dosent Azər Səfərov “Postkonflikt ərazilərin bərpası və yenidən qurulması siyasəti: hədəflər və istiqamətlər” mövzusunda təqdimatla çıxış edib.
İşğaldan azad olunmuş ərazilərin tezliklə bərpasının hökumətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edən məruzəçi bu istiqamətdə əsas hədəflərdən, həyata keçirilən irimiqyaslı layihələrdən, yeni iqtisadiyyat quruculuğundan, əhalinin məskunlaşdırılması, yeni iş yerlərinin yaradılması və məşğulluq problemlərindən danışıb. Bildirib ki, postkonflikt ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin əsas prioritetlərindən biridir.
Azər Səfərov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının əsas mahiyyəti barədə danışıb. Tədqiqatçı hesab edir ki, həmin ərazilərdə əhalinin məşğulluğunu və ümumiyyətlə, dayanıqlı inkişafı ancaq irimiqyaslı investisiyalar təmin edə bilər. Ona görə də yenidən tikilən kənd və şəhərlərdə mənzil fondundan qabaq istehsal müəssisələri və xidmət obyektləri yaradılmalıdır, mənzil tikintisi və məskunlaşma isə bunun ardınca getməlidir. İstehsal müəssisələrinin, məşğulluğu təmin edəcək obyektlərin yaradılması ümumi bir konsepsiya və ümumi bir sxem əsasında aparılmalıdır. Nəticədə elə bir iqtisadiyyat strukturu formalaşdırılmalıdır ki, o həm ən səmərəli məşğulluğu, həm də ölkədə ən müasir iqtisadiyyat strukturu yaradılmasının əhəmiyyətli tərkib hissəsi olsun. Bunlarla yanaşı, dövlət - özəl sektor əməkdaşlığı prinsipinin geniş tətbiqi regionda investisiya cəlbi və sahibkarlıq fəaliyyəti üçün yaradılmış unikal normativ bazadan səmərəli şəkildə yararlanmağa imkan verə bilər.
Sonra suallar cavablandırılıb, işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu, əhalinin məskunlaşdırılması və məşğulluğunun təmin edilməsi, regionda yüksək həyat standartlarının formalaşdırılması məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.