Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib VİDEO
Cəbrayıl, 9 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şükürbəyli kəndində görülmüş işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər.
Bildirildi ki, Şükürbəyli Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl kənddə məktəb, klub, kitabxana və xəstəxana fəaliyyət göstərib, əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub.
Sonra elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Diqqətə çatdırıldı ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb.
Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur.