Prezident İlham Əliyevin çıxışı Azərbaycan elminin gələcəyi üçün “yol xəritəsi”dir ŞƏRH
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası 80 il ərzində ölkəmizdə elmin inkişafında aparıcı rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə elmin intensiv inkişafına, Elmlər Akademiyasının tərəqqisinə xüsusi diqqət yetirilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda elmin inkişafında və xüsusən Milli Elmlər Akademiyasının geniş fəaliyyətində əvəzsiz xidmətləri olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.
Onun sözlərinə görə, ölkənin əsas elm məbədinə göstərilən xüsusi diqqət Prezident İlham Əliyevin də elm siyasətinin leytmotivini təşkil edir: “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin iştirakı, Akademiyanın elmi nailiyyətlərinin müsbət qiymətləndirilməsi və gələcək tədqiqatların perspektivlərinə dair əhəmiyyətli tövsiyələri elmimizin daha da inkişaf etdirilməsi üçün məsuliyyət və strateji yanaşmanın vacibliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev bildirdi ki, gələcəkdə texnologiya, enerji, geoloji tədqiqatlar və innovativ sənaye sahələri prioritet olaraq qalacaq və ölkənin dayanıqlı inkişafını təmin edəcək”.
Deputat qeyd edib ki, hazırda Azərbaycanda elmi və texnoloji inkişafın əsas prioriteti süni intellektin inkişafıdır. “Bu gün dünyada süni intellekt o qədər sürətlə irəliləyir ki, artıq həyatımızı onsuz təsəvvür etmək mümkün deyil. Buna görə də bu sahə Azərbaycanda müasir dövrün tələblərinə uyğun şəkildə qurulmalıdır. Gələcək inkişaf məhz süni intellektin səviyyəsindən asılı olacaq. Bu baxımdan dövlət başçısı Azərbaycan alimlərinin bu istiqamətdə öz sözlərini deməsini tapşırıq kimi səsləndirdi. Dövlət başçısı elmin iqtisadiyyatla, sənaye ilə əlaqələndirilməsini, elmin nailiyyətlərinin istehsalatda tətbiqini ön plana çəkdi və bildirdi ki, Azərbaycan elminin praktik nəticələri tətbiq olunmalı və səmərə verməlidir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın xalqının elm ocağı olan Akademiyanın qarşısında elm və təhsilin, sənayenin vəhdətini təşkil etmək kimi mühüm vəzifə durur. Bütün bu məqamları nəzərə alaraq, Prezidentin çıxışını Azərbaycan elminin gələcəyi üçün “yol xəritəsi” adlandırmaq tam yerinə düşər”, - deyə o əlavə edib.