PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN GÖRKƏMLİ SİYASİ VƏ MƏDƏNİYYƏT XADİMLƏRİNİN MƏZARLARINI ZİYARƏT ETMİŞDİR
Azərbaycan Prezidenti və onun xanımı Azərbaycan poeziyasının klassiklərindən biri Mirzə Şəfi Vazehin, dramaturq və mütəfəkkir Mirzə Fətəli Axundovun, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Həsən bəy Ağayevin və Fətəli Xan Xoyskinin məzarları üzərinə gül-çiçək qoydular.
Prezident İlham Əliyev və xanımı Şərqdə ilk müstəqil demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə qoyulmuş xatirə daşının önünə də gül qoydular.
Sonra dovlətimizin başçısı jurnalistlərin suallarına cavab verdi.
SUAL: Cənab Prezident, Siz bu gün gedirsiniz. Nə kimi təəssüratınız var?
CAVAB: Təəssürat yaxşıdır. Görüşlər keçirildi, danışıqlar aparıldı. Biz bütün məsələləri konstruktiv şəkildə müzakirə etdik. Mən səfərdən çox razıyam. Bu səfər bir daha göstərdi ki, əməkdaşlığımızın, dostluğumuzun səviyyəsi çox yüksəkdir.
SUAL: Siz burada dəfn edilmiş azərbaycanlıların fəaliyyəti barədə nə deyə bilərsiniz?
CAVAB: Onlar Azərbaycan xalqının böyük nümayəndələri idi. Bütün azərbaycanlılar onları xatırlayırlar. Biz onların xatirəsinə göstərilən belə münasibətə görə Gürcüstana və gürcü xalqına çox minnətdarıq. Bu insanların Azərbaycan tarixində izi çox böyükdür, tarixi, mədəni, siyasi proseslərə onların çox böyük təsirləri olmuşdur.
SUAL: Sizin atanızın adını daşıyan park barədə nə deyə bilərsiniz?
CAVAB: Əlbəttə, parka Azərbaycan xalqının lideri Heydər Əliyevin adının verilməsi barədə qərarına görə Gürcüstan rəhbərliyinə və şəxsən Prezidentə çox minnətdaram. Bu, bir daha sübut edir ki, müstəqil Azərbaycanın təşəkkülündə də, Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında da onun xidmətləri çox böyükdür. Bu, bir daha sübut edir ki, əlaqələrimiz davam etdiriləcək, möhkəmləndiriləcəkdir, çünki biz strateji tərəfdaşlarıq. Heydər Əliyevin xatirəsinə göstərilən belə ehtiram bir Prezident kimi və bir oğul kimi məni olduqca mütəəssir edir.
SUAL: Cənab Prezident, Sizin burada baxdığınız büstlər o qədər də yüksək səviyyədə deyildir. Bunların yüksək səviyyədə hazırlanması üçün hər hansı addım atıla bilərmi? Çünki bunlar bizim tariximizdir.
CAVAB: Bu məsələyə baxıla bilər. Hər halda, dediyim kimi, mən Gürcüstan hökumətinə minnətdarlığımı bildirirəm ki, burada uyuyan bizim görkəmli elm, mədəniyyət xadimlərinin, siyasi xadimlərin xatirəsi belə qorunur. Büstlərin səviyyəsinə gəldikdə, əlbəttə, hər dövrün öz tələbi var. O dövr üçün bunlar çox yüksək səviyyədə qoyulmuşdu. Əgər belə bir ehtiyac olarsa, mən ümid edirəm, biz buna birlikdə baxa bilərik. Gürcüstan və Azərbaycan hökumətləri buna birlikdə baxa bilər. Amma hər halda, mövcud olan abidələr dövrün səviyyəsinə uyğundur.
X X X
Məzarların ziyarət olunması mərasimində Azərbaycan Prezidentini Tbilisi şəhərinin meri Zurab Çiaberişvili müşayiət edirdi.