RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV PARİSDƏ NAMƏLUM ƏSGƏRİN MƏZARI ÖNÜNƏ ƏKLİL QOYMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da səhər Parisin Yelisey xiyabanına gələrək, Fransanın azadlıq rəmzi sayılan “Zəfər tağı”nın altında dəfn olunmuş Naməlum əsgərin məzarı önünə əklil qoymuşdur.
Hərbi orkestrin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.
Əklilqoyma mərasimini izləmək üçün buraya minlərlə paytaxt sakini toplaşmışdı. Dövlətimizin başçısı burada İkinci Dünya müharibəsinin Fransadan olan iştirakçıları ilə səmimi görüşdü, Paris sakinlərini salamladı.
Şəhərin “Zəfər tağı” istiqamətində bütün yolları bağlanmışdı. Bu heç də Fransaya gələn hər ali qonaq üçün edilmir.