PREZİDENT İLHAM ƏLİYEV TİBB MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Prezident İlham Əliyev Horadiz şəhərində tibb mərkəzinin tikintisinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı mərkəzin baş planına baxdı.
Tikintinin təməlini bu ilin aprelində Prezident İlham Əliyev qoymuşdur. Gələn il istifadəyə veriləcək üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaqdır. Mərkəzin daimi elektrik enerjisi təchizatı, qazanxana və camaşırxanası olacaqdır. İnşaat işlərində yerli sakinlər çalışır.
Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və ən müasir tibbi avadanlıqla təchiz ediləcək mərkəzdə ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi, inşaatçılara uğurlar arzuladı. Eyni zamanda, bildirdi ki, rayondaxili yolların, o cümlədən Horadiz şəhərini 4 kəndlə birləşdirən yolun bərpası, rayon icra hakimiyyəti üçün yeni binanın tikintisi, evlərin bərpası və digər vacib məsələlərin həlli üçün əlavə vəsait ayrılacaqdır.
X X X
Füzuli rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev Beyləqan rayonuna yola düşdü.
######
![]() |
![]() |

