PREZİDENT İLHAM ƏLİYEVİN QAZAXISTANIN BAŞ NAZİRİ KƏRİM MƏSİMOV İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də onun üçün ayrılmış iqamətgahda - “Rixos President-Astana” mehmanxanasında Qazaxıstanın Baş naziri Kərim Məsimov ilə görüşmüşdür.
Baş nazir Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfərini yüksək qiymətləndirdi, demək olar ki, proqramda nəzərdə tutulan bütün məsələlərin öz həllini tapdığını bildirdi.
Prezident İlham Əliyev avqustun 7-də keçirilən görüşdə və danışıqlarda ölkələrimiz arasında ikitərəfli münasibətlərə, birgə enerji planlarına dair aparılmış geniş müzakirələri xatırlatdı. Dövlətimizin başçısı dedi ki, biz iqtisadi inteqrasiyaya üstünlük veririk və bu, çox vacibdir. Regional əməkdaşlıq dinamik inkişaf edir. Görüləcək işlərlə bağlı müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Prezidenti vurğuladı ki, ümumən keçirilən görüşlər nikbin əhval-ruhiyyə yaradır.