Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü
Samuxda şəhid ailələri və müharibə əlillərinə təqdim olunan yaşayış kompleksinə mediatur təşkil edilib
Samux, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda şəhid ailələri və müharibə əlillərinə təqdim olunan yeni çoxmənzilli yaşayış kompleksinə mediatur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, KİV nümayəndələri Samux və Şəmkir rayonlarının müvafiq kateqoriyalardan olan sakinlərinə təqdim edilən mənzillərdə yaradılmış şəraitlə yaxından tanış olublar.
Jurnalistlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü kimi onların mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişlənib. Təkcə 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 2018-ci ilə nisbətən 5 dəfə çox olmaqla, 3 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan artıq 1700 mənzil təqdim edilib. Ümumən ötən dövrdə isə şəhid ailələri və müharibə əlillərinə 11 minə yaxın mənzil və fərdi ev verilib.
Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə daha 11 min mənzil və fərdi ev veriləcək.
Samux rayonundakı yeni çoxmənzilli yaşayış kompleksi 9 binadan ibarət olmaqla, 200 mənzillidir. Müasir tələblərə uyğun infrastrukturun yaradıldığı kompleksdə 144 şagird yerlik məktəb, 50 yerlik bağça, klub icma mərkəzi, 2 idman meydançası, tibb məntəqəsi də var. Açıq və qapalı idman meydançaları futbol oyunları, həndbol eləcə də digər yüngül atletika oyunları üçün nəzərdə tutulub. Kompleksin ərazisində inşa olunan bütün mərkəzlər zəruri avadanlıqlarla təchiz edilib, sakinlərin onlardan rahat istifadəsi üçün hər cür şərait yaradılıb.