İDMAN
“Prezident kuboku - 2023” beynəlxalq reqatasının ilk qalibləri müəyyənləşib
Suqovuşan, 4 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2023” beynəlxalq reqatasına start verilib.
AZƏRTAC xəbər verir ki, reqatanın ilk günü Suqovuşanda keçirilib.
Əvvəlcə 2005-2006-cı il təvəllüdlü oğlanlar birnəfərlik kayakda 200 metr məsafəyə yarışda güclərini sınayıblar. Elmir Məmmədov yarışı birinci, Sezar Amari (Moldova) ikinci, Radislav Çifliqarov (Bolqarıstan) isə üçüncü pillədə başa vurublar. Eyni məsafəyə bir nəfərlik kayakda 2007-2008-ci il təvəllüdlü qızların mübarizəsində Yıldız Özgün Naz (Türkiyə) qızıl, Mişel Fessun (Ukrayna) gümüş, Mixaela Rusu (Rumıniya) isə bürünc medal qazanıblar. 2009-2010-cu il təvəllüdlü qızların yarışında isə Evelina Kostenko (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İzabela Aleksandra Jarnovska (Polşa) və Sofiya Nenno (Moldova) ilk üçlüyü tamamlayıblar.
2005-2006-cı il təvəllüdlü qızların bu məsafəyə birnəfərlik kayak qayığı ilə mübarizəsində Evrim Bostançı (Türkiyə) bütün rəqiblərini qabaqlayıb. Andrea Botnariuk (Rumıniya) gümüş, Darina Həsənova isə bürünc medala yiyələniblər. Eyni yaş qrupuna aid oğlanlar arasında Nika Odişelidze (Gürcüstan) finişə hamıdan tez çatıb. Ali Kemal Sarar (Türkiyə) ikinci, Maarif Qarayevisə üçüncü yeri tutublar.
2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində qızıl medal Lev Luninə (Moldova) qismət olub. Nihad Rəhimova ikinci, Can Halil (Bolqarıstan) isə üçüncü pillədə qərarlaşıblar.
2005-2008-ci il təvəllüdlü qızların birnəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yarışında Manana Petriaşvili (Gürcüstan) birinci olub. Ulyana İvanova (Qazaxıstan) gümüş, Gülnarə Həmzəyeva isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı gücünü sınayacaq.
Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.