PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 7-də Qazaxıstan Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sarayda böyük hörmət və ehtiramla qarşıladı.
Qazaxıstan nümayəndə heyəti və xarici ölkələrin Qazaxıstanda akkreditə olunmuş səfirləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Qazaxıstan
Prezidenti Nursultan Nazarbayevə təqdim olundu.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev Qazaxıstan əsgərlərini salamladı.