Prezident təqaüdçüləri: Sevindirici haldır ki, biliklərimiz dövlətimiz tərəfindən yüksək qiymətləndirilir
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinə (ADU) yüksək balla qəbul olunmuş, eyni zamanda, 2020/2021-ci tədris ilində dövlətimizin başçısının Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələri həyatlarının yeni mərhələsində yaşadıqları xoş hissləri bölüşüblər.
AZƏRTAC ADU-nun mətbuat xidmətinə istinadla onların təəssüratlarını təqdim edir.
Tərcümə fakültəsinə 678.3 balla qəbul olunmuş Prezident təqaüdçüsü Zümrüd Həsənova:
- Abşeron rayonu Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbi qırmızı attestatla bitirmişəm. Uşaqlıqdan müxtəlif dilləri öyrənməyə böyük həvəs göstərirdim. Bu, hər zaman mənim maraq dairəmdə olub. Məhz buna görə də tərcüməçi olmaq qərarına gəldim. Elektron ixtisas seçimi zamanı heç tərəddüd etmədən ilk olaraq Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini yazdım və qəbul olundum. Seçimdə heç çətinlik çəkmədim. Çünki qərarımı çoxdan vermişdim. Dillər Universiteti dünya dillərini çox keyfiyyətli tədris edən yeganə ali məktəbdir. Şadam ki, məqsədlərimdən birini müvəffəqiyyətlə həyata keçirdim. Gələcək planlarımdan biri ali təhsilimi başa vurub yüksək səviyyəli mütəxəssis olmaqdır.
Prezident təqaüdünə layiq görüldüyümü öyrənəndə sevincimin həddi-hüdudu olmadı. Adımı siyahıda gördüyüm an mənim üçün unudulmazdır. Respublika üzrə Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən biri olmaq mənim üçün qürurvericidir. Sevindirici haldır ki, biliklərimiz dövlətimiz tərəfindən belə yüksək qiymətləndirilir.
İngilis dili müəllimliyi ixtisasına 676.8 balla qəbul olunmuş Prezident təqaüdçüsü Aişə Bəşirova:
- Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin (TDV BTL) məzunuyam. Arzum xarici dil tədris etmək və yeni dillər öyrənmək idi. Bu arzu ilə yaşayanlar üçün Dillər Universitetinin mükəmməl bir yer olduğunu yaxınlarımdan çox eşitmişdim. Məhz buna görə də universitet seçimi zamanı heç tərəddüd etmədən ilk olaraq Dillər Universitetini yazdım. Müsabiqənin nəticələri açıqlanan gün arzularımı reallaşdırmağa nə qədər yaxın olduğumu hiss etdim. Bu, möhtəşəm hiss idi.
ADU-nun tələbəsi olduğum üçün özümü çox şanslı hiss edirəm. Zənnimcə, arzusu bir sıra xarici dillərdə danışmaq olan hər bir insan üçün Dillər Universiteti mükəmməl yerdir.
İmtahanda topladığım balı öyrənən yaxınlarım və müəllimlərim Prezident təqaüdünə layiq görüləcəyimə, demək olar ki, əmin idilər. Mən isə belə bir şeyin mümkünlüyünə inana bilmirdim. Prezident təqaüdünə layiq görüldüyümü öyrənəndə həm çox təəccüblənmiş, həm də çox sevinmişdim.
Yeni bir dil öyrənmək çoxlu əmək və əzmkarlıq tələb edir. Qarşıda gələn illərdə dil biliklərimi inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm.