Prezident Zelenski: Rusiyalılar görüşün baş tutmaması üçün əllərindən gələni edirlər
Kiyev, 22 avqust, AZƏRTAC
Rusiyalılar Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vladimir Putin arasında görüşün baş tutmaması üçün əllərindən gələni edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Müharibəni başa vurmaq üçün məsələ məhz liderlər səviyyəsində həll olunmalıdır. Amma biz indi görürük ki, rusiyalılar görüşün olmaması üçün əllərindən gələni edirlər”, - deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur.
“Biz mümkün qədər məhsuldar işləməyə hazırıq. Ümid edirik ki, tərəfdaşlarımız Rusiya tərəfinin heç olmasa minimal məhsuldar mövqeni təmin etməyə kömək edəcəklər”, - deyə Prezident əlavə edib.
Zelenski vurğulayıb ki, rusiyalıları diplomatiyaya məcbur etmək lazımdır.
“Əgər onlar bu müharibənin diplomatik həllinə razı olmasalar, müharibəni dayandırmaq istəməzlərsə, həqiqətən güclü sanksiyalar lazımdır. Biz tərəfdaşlarımızdan güclü sanksiyalar paketlərinə çox ümid edirik”, - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, ikitərəfli görüş ideyası ABŞ Prezidenti Donald Trampın ötən həftə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarından, bir neçə gün sonra isə Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərini qəbul etməsindən sonra yaranıb.
Bundan əvvəl Zelenski, Putin və Tramp arasında üçtərəfli danışıqların formatı fəal müzakirə olunub. Lakin Vaşinqtonda keçirilən sammitdən sonra Tramp təklif edib ki, Zelenski ilə Putin əvvəlcə onun iştirakı olmadan görüşsünlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev