Prezidentin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq - Ekspert
Bakı, 21 avqust, AZƏRTAC
Son dövrlərdə Macarıstanın Azərbaycan və türk dövlətləri təşkilatı istiqamətində maraqlı və arzuolunan yaxınlaşmasını müşahidə edirik. Əvvəldən Azərbaycanın Macarıstanla həm siyasi, həm də iqtisadi cəhətlərdən əlaqələri çox yaxşı olub. Bunun ticari və iqtisadi sahədə inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu il yanvarın 30-da İlham Əliyevin Budapeştə səfəri zamanı mətbuata bəyanatlarla çıxışında qeyd etdiyi kimi, ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
Ekspert vurğulayıb ki, ötən ilin sonunda Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında elektrik enerjisi xəttinin Qara dənizin dibindən keçməklə Macarıstan və Rumıniyaya satışı istiqamətində strateji tərəfdaşlığa dair Saziş imzalandı. Qeyd edib ki, bu layihə vasitəsilə həm əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılacaq, həm də ölkəmiz üçün faydalı bir addım olacaq: “Bu qeyri-neft sektorunun inkişaf etdirilməsi və Azərbaycanın qeyri-ənənəvi enerjidəki rolunun formalaşdırılması baxımından çox əhəmiyyətlidir. Bütün bu atılan addımlar gələcək perspektivdə əməkdaşlıq üçün yaxşı zəmin formalaşdırır. Azərbaycanın Macarıstanla enerji və neft-qaz ixracında, bərpaolunan enerji sahəsində əməkdaşlığı hər iki tərəfə strateji perspektivlər vəd edir. Avropa bazarında fərqli formatda oyunçu kimi formalaşmaq Azərbaycan və Macarıstan üçün çox əhəmiyyətlidir”.
X.Kərimli bildirib ki, Macarıstan şirkətlərinin Azərbaycana investisiya yatırması, Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirak etməsi, birgə müəssisələrin yaradılması kimi də perspektiv və əhəmiyyətli istiqamətlər ola bilər.
“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri və orda keçirilən görüşlər ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq və iqtisadi münasibətlərin daha da inkişafına xidmət edəcək”,- deyə ekspert diqqətə çatdırıb.