RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Baş nazir Rəcəb Tayyib Ərdoğanı rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik etmişdir.
Türkiyənin Baş naziri göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirmiş və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.