Professor: Türk xalqları arasında bu gün də alban adlı tayfalar var
Bakı, 21 sentyabr, AZƏRTAC
Albanların etnik mənşəyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur və bu məsələnin mənbələr əsasında araşdırılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
Həsən Həsənov qeyd edib ki, onun diqqət çəkdiyi məqamlardan biri “Alban” adının türk xalqları arasında daşıyıcılarının mövcudluğudur: “Türk xalqları yeganə xalqdır ki, onun tərkibində qədim dövrdən bu günə qədər alban adlı tayfalar vardır. İndi Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır. Qazaxıstanda da alban adlı tayfalar var. Bu, bizim üçün araşdırılmalı aparıcı amillərdən biridir”.
Həsən Həsənov çıxışında sovet tarixşünaslığında Azərbaycan tarixinin müəyyən dövrləşdirilməsi ilə bağlı yanaşmalara da toxunub. 1924-cü ildə Moskvada fəaliyyət göstərən tarixçi və şərqşünas Vasili Bartoldun Azərbaycan tarixi ilə bağlı mühazirəsində XII əsrə qədər müasir Azərbaycan ərazisində türkmənşəli əhalinin olmadığı, əhalinin farsdilli olduğu fikri irəli sürülüb. 1925-ci ildə Moskvadan Azərbaycana göndərilən Sısoyev adlı alim də Atropenanın Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra yarandığını, Atropatın, torpağın və əhalinin fars mənşəli olduğunu qeyd edib. Bu cür yanaşmalar sonrakı dövrlərdə Azərbaycanın tarixi və etnik mənşəyi ilə bağlı müxtəlif iddiaların irəli sürülməsinə əsas verib.
Professor xüsusilə Atropatena ilə bağlı tarixşünaslıqda qəbul edilən yanaşmaların qədim mənbələr əsasında yenidən araşdırılmasının vacibliyini vurğulayıb: “Halbuki Atropatena yarananda, mənim tədqiqatıma görə, eramızdan əvvəl 612-ci ildə nə “fars” sözü var idi, nə fars dövləti, nə də “erməni” sözü və erməni dövləti var idi. Sonrakı dövrlərdə bu ərazi müəyyən müddət Fars imperiyasının tərkibində olub. Amma bu hadisələr sonradan baş verib”.