Professor Castin Makkarti: Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər
İstanbul, 1 iyun, AZƏRTAC
Amerikalı professor Castin Makkarti Vyanada fəaliyyət göstərən “Bilirdinizmi?” (“Did You Know”) dərnəyində təşkil olunan toplantıda “Ermənilər terror və cinayətlərdən vasitə kimi istifadə edirlər” mövzusunda məruzə ilə çıxış edib. Birinci Dünya müharibəsində Osmanlı dövlətinin Balkanlarda, Yaxın Şərqdə və Qafqazda hərbi təcavüzlərə qarşı döyüşlər apardığını diqqətə çatdıran C.Makkarti bildirib ki, 1912-1921-ci illərdə Osmanlı ərazisində baş verən hərbi qarşıdurmalarda üç milyon müsəlman, yüz min erməni həlak olub. O, tarixi faktlara istinad edərək bildirib ki, ermənilər uydurduqları yalanlardan doğan məqsədlərə çatmaq üçün terror və cinayətlərdən vasitə kimi istifadə edirlər.
Saxta “erməni soyqırımı” iddialarına münasibət bildirən professor Castin Makkarti deyib: “Bu, tamamilə yalandır. “Soyqırımı”na məruz qaldıqları iddia edilən ermənilərin sayı o dövrdə yaşamış bütün ermənilərin sayından qat-qat artıq göstərilir. Digər tərəfdən, xəstəlik, aclıq və digər səbəblərdən ölən insanları qətlə yetirilmiş kimi təqdim etmək ədalətsizlikdir. Müharibə vəziyyətinin doğurduğu aclıq, xəstəlik və səfalət nəticəsində o vaxt müsəlmanlar ermənilərdən dəfələrlə çox itki veriblər”.
Amerikalı alim salondakı erməni əsilli iştirakçıların bütün təxribatçı suallarına tutarlı cavablar verib.
Türkiyəli diplomat Əmrə Qaragöl auditoriyanı ermənilərin türk diplomatlarına qarşı törətdikləri kütləvi terror aktları barədə məlumatlandırıb. O deyib ki, təkcə Vyanada üç türk diplomat erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul